Reklam verin!
 

Virtual e-roman

Açıq İnteraktiv e-roman: "Dəli günlərimin çalarları"

 
 
Əsas Səhifə Haqqında  
 
artyazar
Burada hər gün yaşadığımız canlı həyatımızın - bütün çalarlarıyla birlikdə - ədəbi-kulturoloji formatıyla tanış ola bilərsiz...

İstək varsa, özünüz də həmmüəlliflik edin...

Aydın Xan

Bölmələr

Keçidlər

 
 

Dalğa" Gənclər Hərəkatının mübarizəsi: Don Kixotluq, yoxsa Qatır Məmmədlik!?

artyazar

İctimai fikirdə "Dalğa" nə üçün düşüncə sunamisinə çevrilmədi...

Tədbirə gələ bilməyən, depressiyayla həmyazar olan dostum Rəbiqəyə - bütün dostlarımın inciməyəcəyi arzusuyla...

Dalqa

Şəkil-reportaj da  Aydın Xanındır...

Dalğa Gənclər Hərəkatının 3 illik yubiley tədbiri Bakının göbəyində yerləşən Caz Mərkəzin baş tutdu: dəvətli idim, həm də düşündüm ki, real dünyadakı liberal dostlarımla canlı ünsiyyətdə olacağam, virtual aləmdəki yorğunluğu intellektimdən bayıra atacağam - könlümdəki bu dəli istəy ilə yollandım ora...

dalqa 1


Paytaxtın beçə qışının kirli qarından da hiss olunurdu ki, bütün ovqatım basqılanacaq: çəkindiyim baş verdi - Avropatipli Gənclər klubu formatında görmək istədiyim "Dalğa"çılar ya tez yoruldular, ya da qocaldılar. Zənnim məni aldatıb-eləmirsə, ikinci mülahizə üzərində dayanmaq daha düzgün metodoloji qəlib sayılmalıdır ki, mən də o variant üzərində bu yazımı kökləyəcəyəm...
   
Canım sizə desin, YYSQ-nin iki nəfər gənc üzvü ilə yollanırıq Yasamal qəbirstanlığı istiqamətindən şəhərimizin avrotəmirli mərkəzinə. Maraqlananların beynində əlavə sual yaranmasın deyə, indidən yazım, izah edim: ay gənc dostlarım, əgər iqtidar-miqtidarın vuran qolu, zindanbanları sayılan şanlı polis nəfərləri sizin borca-xərcə düşərək Avropadan - Qərbdən ixrac etdiyiniz geosiyasi tamaşaları - nə bilim, ay millət, səni qəzet oxumağa (İnternet, radio-televiziyanın, mobil telefon, SMS və blutuz, Aypon dövründə milləti geritexnologiyalığa çağırmağın mənası-məntiqi nə?) çağırıram, bütün dünyada fərdin fərqli düşüncəsinə, innovativ peşəkarlığına, yaradıcı bacarığına stavka qoyulduğu dönəmdə kollektiv fikir məhsulu olan demokratik gəlişmələrin qara PR-na yönəli aksiyaları nəzərdə tuturam - yarımçıq kəsərək, mədəni surətdə polis bölməsində çay (heyif, vəzifə başında şəraba yer yoxdur da!!!) qonaqlığı verirdilərsə, əcəba, nə yaxşı, bu səfər gözə dəymirdilər...

Yazıortası mətləbin içinə sığışmayan P.S.

Mirzə Ələkbər Sabir yazmışkən, əcnəbilər göydə balonla uçur (İnternetdə şəbəkə oynadırlar, virtual aləmi qurubyaradırlar, bəyənmədikləri halda söküb-dağıdırlar) biz hələ avtomobil minməyiriz (Azərbaycanda İnternetdən müsbət mənada yararlandığı barədə kimdən soruşan, çönüb səni psix-dəli tək süzəcək, bir ağıza qayıdacaq, ya intim estetik tələbatımı ödəyirəm, ya qəzetləri oxuyuram, - havayıdır axı!!! - ən yaxşı halda oyun oynayıram, çatlaşıram, qızları toruma salıram...).

Deməzsiniz ki, torbada qara pişik var, siz də dövlətimizin sevimlilərinə çevrilmisiniz... Yaxud da hansısa məmur oliqarxla - siyasi qüvvələrlə dostluq telləriniz düyünlənib. Əlbəttə, bu sizləri qıcıqlandırmaq üçün yadda salınan mülahizələrdir...

Tiflisdə ayaqyalın - təkbaşına (www.virtualroman.azeriblog.com saytında bu barədə genış və şəkillə bilgilər yerləşdirilib) aksiyakeçirə-keçirə, mitinq edə-edə bir suyu dolubədənli idmançılara oxşamağa başlayan indiki vəzifəsindənqıraq "Dalğa" GH sədri Vəfa Cəfərova, gender fəlsəfəsinə-baxışlarına görə təşkilatın rəhbərliyini xanımların zərif çiyinlərinə qlobalcasına pərçimləmiş "Dalğa"nın sabiq II başqan Ülvi Həsənli, qurumun ideoloqu, xaç valideyni, yaradıcısı, qurucusu, başında layihə, beynində ideya, belində dəyənək izləri yetişdirən, indi isə Azərbaycan Demokratik İslahatçılar Partiyasının Gənclər Şurasının böyüyü - dostum Ramin Hacılı, solçu intellektualların yeganə nüsxəsi Həmid Herisçi, Azərbaycanda bioloji-psixoloji varlıq içimdə yerləşdirə bilmədiyim yeganə kəs - Seymur Baycan, bəstəçi Firudin Allahverdi, Azad Yazarlar Ocağının yiyəsi Rasim Qaraca, Norveçlı, Güneyli, ABŞ-lı (niyə də belə neologizm olmasın?) "Alma"çı Zahir Əzəmət, Elmin Həsənli, Kəbutər, Pərviz, Natiq, Ramid, Elçin, Fuad, Elvin  - sağlı-sollu, müxalifətli-iqtidarlı, bir sözlə, sivil-intellektual təmasın təşnəsində olanların bir qismi, kəsəsi, Şeyxülislam Allahşükür Paşazadə cənablarından savayı, Bakıdakı bütün qəribə, özünü-sözünü cəmiyyətə yedirtmək istəyən ortaelitarların nümayəndələri - görəsən, ad və soyadları düzgün yazdım? - eləcə də başqalarının (kimi unutdumsa, özünü bu "vəbaşqaları"nın içində rahat hiss etsin) bir ortağa gəldiyi məclisin gözəlliyi-özəlliyi lap az idi.

Əsl Azərbaycan milli tədbirləri kimi aparılan standart PR məclisi: qrant inhisarçılarının, beynəlxalq qurumlara parodiya sayılan ABŞ - başınadöndüyüm bu superölkə axırda məni ya Ben Ladenin bacısı uşağı elan edərək Kubadakı dünyaşöhrətli zindanına basacaq, ya da təşkilatımıza qrant ayıracaq – hər iki variant keçərlidir, yuxarıdan-aşağı Amerikanı pulsuz, Azərbaycanı dollarla seyr edəcəyəm...-, xeyri yoxdur, əsas odur ki, haqqımda ölüm hökmü çıxartmasın -  Respublikaçılar İnstitutunun Bakı təmsilçisinin rəhbəri (Uca Yaradan onun əvvəlinci nadinc rəhbərinə xristianvari rəhmət eləsin...), qocaman intellektualların saxta təbrik nitqləri səslənən mikrofonqabağı məkana anti-demokratik qüvvələr necə cadu etmişlərsə, hətta Bütöv Azərbaycan inqilabçılar nəslinin sonuncu dil-yazar pəhləvanı sayılan Həmid Herisçi də alternativ nitq söyləyə bilmədi. Baxmayaraq, cavan həmkarım yerində hamıya söz atırdı ki, belə danışmaq lazımdır, elə çıxış etmək lazımdır...

Eldar Namazovun hədiyyəsi oyuncaq polis maşını idi, yanılmıramsa əgər. “Dalğa”çı dostlarım satsaydılar alardım. Yazının bu yerində onlardan birinə zəng açıb oyuncaq nəqliyyat vasitəsini yarıqiymətə almaq istədiyimi səsləndirdim:
- Qağa, maşını yarıqiymətə verin mənə, alım da, əvəzinə yubiley tədbiriniz barədə indicə kompyuterin yaddaşına yığdığım analitik materiallarda tənqidin xodunu azaldım…
Fəqət, həmtelfondaşım:
- Biz rüşvətə yox demişik!" - söylədi, onu başqasına bağışladıqlarını bildirdi…
Təəssüflər, satsaysaydılar, 3 aya yaxın baçımı keçəl etmiş kiçik oğlum Nihad üçün alardım. Zira bu yazının müəllif haqqı -qonorarı verilmədiyindən, tənqidi bir qədər tünd oldu deyəsən...    

Yeri gəlmişkən, bir məsələni qoyum qırağa, başqa problem barədə oxuçularım arasında sorğu keçirmək istəyirəm, amma bilmirəm effekti olacaq, ya əksinə, ziyanı yaradıcılığımda çatlayacaq? Sualım isə belədir:
- Sizə elə gəlmir ki, mənim ictimai yazılarımın üstündə bir Samir Sarı, ən yaxşı halda Zamin Hacı buludu qaralmaqdadır?
 
Hamı danışdı, gənclər “demokratiya” tamaşa – necə onları şəhər mərkəzində şanlı polis işçilərimiz həbs edir; əvəzinə uşaqlar cəmiyyətin qaba nümayəndələrinə demokratiya dərsi keçırlər... - göstərdilər, biz zarafatlaşıb güldük, saytlarımın yazılı elanlarını payladıq,
www.kitabxana.org saytındakı e-kitablara görə Hikmət Hacızadədən halalıq istədik, şəkillər çəkdik, yarımstəkan nar şirəsi içdik, videotəbrikimi "Dalğa"çılara çatdırdıq: yekə uşaqlarsız, bizi bura qocaları dinləməkdən ötrümü çağırmışdız?

Boynuma alıram, qabağa - meydanbaşına çıxıb saxta çıxışları darmadağın etmək hissi içimi göynətmişdi deyə, bu qeydlər indi kimlıərisə yandıracaq.

Amma mənim o məclisə iki saat vaxt sərf etməyim karıma gəldi: Azərbaycanda dünyanın hər yerində oturuşmuş siyasi, mədəni, humanitar, ictimai texnologiyalar ən yaxşı halda milliləşdirildiyinə, kəskin formada isə hansısa şəxslərin fərdi maraqlarına, fərqli qüvvələrin qrup maraqlarına qurban edildiyinə təkrarən əmin oldum. Bu ölkədə nə normal sağçı, nə də güclü solçu, nə iqtidar, nə də müxalifət, millətçi, qlobal var, özümüzü aldatmayaq, bizdə fərqli, bəzən də bir-birinə zidd ideoloji texnologiyaların sintezləşdirilərək zamana uyğun mənafe – maraq formatına çevrilməsi var. Əslində, sivil cəmiyyət quruculuğu proseslərinin başlanğıcında olan Azərbaycan kimi ölkə üçün bu normal hal sayılmalıdır, təki totalitarlığa meyllənməyək...

Fəlsəfəsinə enəndə, ya da qalxanda, Azərbaycan gəncliyinin bir neçə dəfə "Dalğa"lanan vaxtı olub: ötən əsrin 80-ci illərində Azərbaycan dövlət televiziyasının eyniadlı baxımlı həftəlik verilişi, 1988-ci ilin Qarabağ mitinqlərinin ləpələri, 1990-cı ilin 20 Yanvar qara tufanı, Müstəqillik sunamisi, I Vətən müharibəsi həmlələləri, yeni quruculuq dalğası, qloballaşmanın mühacirət - Rusiya, Dubay, Avropa və ABŞ - fırtınası və başqa proseslərinin həm qabağında gedənlər gənclər olub, həm də romantik qurbanları: udan isə tənbəl cəmiyyətimiz, real adamlar olub...

Budur növbəti "dalğa" əslində fikirdə, ictimai-siyasi düşüncədə baş verməliydi, amma nə edəsən ki, Azərbaycan cəmiyyəti oturuşmuş sivil toplumu deyil ki, innovativ-intellektual gedişatlara hazır olsun, fərqli düşünənlərin təqdim etdiyi modelləri qəbul etsin, onu dövlətimizin, millətimizin xeyri üçün yönəltsin...

Bu gənc dostların - qızlarla oğlanların oxuyan və sevən-sevişən çağlarıdır, onlar isə "təhsildə rüşvətə yox, cəhalətə xeyr, qeyri-sivilliyə rədd ol" demək üçün yeni enerjilərini xərcləyirlər. Öpüç əvəzinə söyüş, seviş yerinə yumruq, başa düşmək əvəzinə təhqir dada-dada millətə polis-məmur soyuqluğuna, biganəliyinə mübarizə aparmağın ləzzətini dadızdırırlar.
Mən də onların keçirtdiyi küçə aksiyalarının əksəriyyətini bəyənmirəm, təklif etdikləri mübarizə texnologiyalarının, format müxtəlifliyinin millətimiz üşün yararlı olacağına şübhələnirəm, lakin bu mövqeyimi zorla onlara yeritməyin tərəfdarı deyiləm. Məgər evdə nadinclik edən sonbeşiyimizi biz həbsxanaya atdırırıq?..

Onların yaşıdları xaricdə, sözün hər mənasında, həyatdan kam alıb, əsl sivil insan kimi yaşayırlar, bizim gənc dostlarımız isə cəmiyyətin qüsurlarına qarşı birləşərək mübarizəyə girişiblər: amma Don Kixot kimi, Qatır Məmməd tək yox...  

P.P.S. Ənənəni pozmadan yubileylərini təbrik edərək, arzumu gənc dostlarıma çatdırmaq istəyirəm: dostlar, siz özünüz də bilmədən çağdaş Azərbaycan ictimai-humanitar düşüncəsinə yeni-yeni çalarlar qatmısınız, artıq tariximizin bu məqamlarında ruhunuzu, düşüncələrinizi, haradasa, intellektinizin millətin milli ruhuna calaya bilmisiniz. Bircə cəmiyyətimizin başqa qüvvələri kimi tələsməyin, hər bir demokratik prosesin, ictimai-siyasi hadisənin, kulturoloji olayın məntiqi nəticəsi əlahəzrət zamana ehtiyacı var, gec-tez bütün problemlər öz həllini tapacaq, vaxt, hadisələr oz axarına qayıdacaq.

Fəqət, iki həqiqəti unutmayın, el üçün ağlayanın gözü kor olar, əgər öz sahənizdə intellektual, yaradıcı, bacarıqlı peşəkar olmasanız, dəyişməsini arzuladığımız Azərbaycan hansısa neft-ərəb ölkəsinə çevriləcək. İkincisi də, dünyagörüşdə, ictimai-mədəni fikirdə, milli mentalitetdə sivil dəyişikliklər baş verməsə, özünüzü öldürsəniz də, mübarizəniz Əlinin papağını Vəlinin başına qoymaqdan başqa heç nəyə yaramaz...

P.P.S.Deməzsiz ki, yazıortası telefon zəngi bu materialın tənqidi ovqatını təlx etdi?

P.P.P.S. Dostlar, sivilliyə, demokratikliyə (bu mövqeyiniz də müəmmalıdır, istənilən sahədə iki nəfərin mövqeyi də kütləviliyə aparıb çıxarır!!!) çağırmanızı anladıq, fəqət ictimai yerdə siqaret tüstüləməyinizin mənasını başa düşmək nə çətinmiş...

P.P.P.P.S. Nə çox "P.S."-lər alındı... Material bədii reaaktəsiz ictimai müzakirəyə buraxıldığından, qrammatik qüsurlara vikir verməməyinizi istərdim.


E-gündəlik, Kulturoloji muqavimət, Foto-şok: real fakt, İctimai fəallıq | Şərhlər(4) | Baxış sayı: 107
1
Rebiqe yazıb:

Salam. Bu aralar işlərim çox oldugundamı deyim, evə qapanmaqdanmı deyim, Dalğaçıları unutdum. Eybi yox. Onları tebrik edirəm.
Depressiya-filan yoxdu. Eksine, her shey yaxshidi. Ayrıca yazının niyə mənə ünvanladığını da anlamadım. smile

Fevral 13, 2008 23:46

2
Aqil Familoglu yazıb:

Vallah ilk defe idi ki Aydinxan-dan gelen mektubu inor etmeyib acib baxdim.
Analitik yazi meselesi ise lap maragimi cekdi.Ancaq meqaleni yariya kimi oxuyandan sonra aydinlasdirdim ki bu analitika sozu yegin sehf yazilib ve ya.........! Bu yazi Analitik yazidan serhden cox Reportaj adlandirmaq olar.BURADA ANALITIKA YOXDUR! Vallah birde bilmirem ne vaxt men birde Aydinxanin yazisina baxacam!?
Birde bu yaxinlarda mene bir kitab hediyye edibler oradada Aydinxan Qloballasmadan yazib.Hele oxumamisam yegin o kitabida kimese hediyye etsem yaxsi olar! VAXTIMI BOSH YAZIYA SERF ETMEK NIYYETINDE DEYILEM!

Fevral 14, 2008 14:45

3
Aqil Familoglu yazıb:

Bu yazini buraxmanizi xahis edirem cun ki bu menim fikirimdi!

Fevral 14, 2008 14:46

4
guler_miryahya yazıb:

Salam Aydinxan muellim.Beli yazinizi oxudum.Acigi desem ele cox sheyi anlamadim bu yazinizda.Bir sheyi basha dushmedim burda deyirsiz yazirsiz bir cox boshbogaz azerbaycan publisistleri kimi orda niye qalxib bunlari danishmadiz?yoxsa soz ehtiyatinizi bura saxlamishdiz ki oxucu qazanasiz?xahish edirem yazdiqlarima esebleshmeyin mende esebi deyilem yazdiqlariniza.Sadece meni maraqlandirdi bu mesele.Burda yazmaq her adamin ishidi.Orda ise soz meydaniydi ve bunlari deye bilerdiz.
O ki qaldi yaziniza bir az aydin yazin Aydinxan Ebilov. Qarishdirmisiz yene 7 derenin suyunu bir birine.Don Kixotluq meselesi de curuyub.Bele.Sag olun.

Fevral 18, 2008 17:04

 
   

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



 
  © 2007 Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog.com

Arxivlər

Açar sözlər

Qabaqki yazılar

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 2026
  • Dünənki hit: 89
  • Bugünki hit: 55
  • Ümumi hit: 15331