| |
|
MİLLİ TƏHLÜKƏSİZLİK NAZİRLİYİ SƏİD DADAŞBƏYLİNİN DƏSTƏSİ HAQDA YENİ MƏLUMAT YAYIB
Dekabrın 14-də Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzi bu günlərdə məhkəmə prosesi başa çatan Səid Dadaşbəyli və onun dəstəsinin fəaliyyəti ilə bağlı geniş məlumat yayıb. Məlumatda deyilir: «Milli Təhlükəsizlik Nazirliyinin ölkəmizin milli maraqları və mənafeləri əleyhinə yönələn kəşfiyyat-pozuculuq və terror-təxribat fəaliyyətinə qarşı müntəzəm həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətkar birlik yaradıb dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyi planlaşdıran, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici ölkəyə kömək göstərməklə dövlətə xəyanət etmiş bir qrup şəxs bu ilin əvvəlində ifşa olunaraq zərərsizləşdirilmişdir.
Belə ki, Bakı şəhər sakinləri - 1975-ci il təvəllüdlü Səid Dadaşbəyli, 1983-cü il təvəllüdlü Ceyhun Əliyev, 1983-cü il təvəllüdlü Cahangir Kərimov, 1974-cü il təvəllüdlü Mikayıl İdrisov, 1981-ci il təvəllüdlü Rasim Kərimov, 1976-cı il təvəllüdlü Rəşad Əliyev, 1979-cu il təvəllüdlü Rəşad İsmayılov, 1983-cü il təvəllüdlü Faiq İsmayılov, 1983-cü il təvəllüdlü Mübariz Süleymanov, 1981-ci il təvəllüdlü Fərid Ağayev, 1977-ci il təvəllüdlü Emil Möhbalıyev, 1980-ci il təvəllüdlü Zaur Orucov, 1979-cu il təvəllüdlü Samir Qocayev, 1979-cu il təvəllüdlü Fətulla Bəbirov və 1981-ci il təvəllüdlü Bəybala Quliyev cinayətkar birlik yaratma, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa hazırlıq, qanunsuz olaraq odlu silah və narkotik vasitə əldə etmə, saxlama, daşıma və digər cinayətləri törətdiklərinə görə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barələrində həbs qətimkan tədbiri seçilmişdir. Müəyyən edilmişdir ki, Bakıda yerləşən «Azeri M-İ Drillinq Fluids» ABŞ-Azərbaycan birgə müəssisəsində təchizat üzrə koordinator işləyən Səid Dadaşbəyli dini ekstremizm ideyalarını rəhbər tutaraq Azərbaycan Respublikasında hakimiyyəti zorla ələ keçirib dünyəvi dövlət quruluşunu dəyişdirməyi və şəriət qanunları ilə idarə olunan hakimiyyət qurmağı qarşısına məqsəd qoymuşdur. O, bunun üçün həmfikirləri Ceyhun Əliyev, Cahangir Kərimov, Mikayıl İdrisov, Rasim Kərimov, Rəşad Əliyev, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev və Bəybala Quliyev ilə əlbir olub «North İmam Mehty Army» («İmam Mehdinin Şimal Ordusu») ingilis sözlərinin baş hərflərindən ibarət «NİMA» adlı, konspirasiya üsullarından istifadə edən, özünün tabeçilik və idarəçilik strukturuna malik dini-ekstremist və cinayətkar yönümlü gizli təşkilat yaratmışdır.Səid Dadaşbəyli öz dini biliklərinin səthi olduğunu gizlətmək, əvvəlcədən dini-fəlsəfi mövzularda mümkün diskussiyalardan yayınmaq üçün guya «ona Allah tərəfindən mələklər vasitəsi ilə vəhy gəldiyini» bildirmiş və özünü lider kimi tanıtdırıb beyət etdirməklə sərt tabeçilik iyerarxiyası qurmuşdur. Səid Dadaşbəyli özünü həmin təşkilatın «Əmiri», yəni rəhbəri elan etmiş, ona ən yaxın üzvləri «1-ci liqa», digərlərini isə «2-ci liqa» üzrə bölərək ətrafında birləşdirmişdir. Təşkilatın fəaliyyətinin genişləndirilməsi və gücləndirilməsi üçün Səid Dadaşbəyli toplanılan üzvlük haqlarından və ianələrdən ibarət, eləcə də üzvlərin kommersiya fəaliyyətindən əldə etdikləri qazancın da 10-15 %-ni məcburi qaydada ödəməli olduqları xüsusi maliyyə fondu yaratmışdır. Səid Dadaşbəyli hakimiyyət orqanlarının zorla ələ keçirilməsi üçün bu və ya digər ağır cinayətlərin törədilməsi məqsədilə təşkilat üzvlərinin müvafiq hərbi təlimlər və xüsusi fiziki hazırlıq keçmələrinin zəruriliyini nəzərə alaraq, fondun hesabına onların Günəşli qəsəbəsində yerləşən Qarabağ Veteranları Cəmiyyətində və Azərbaycan Respublikası DİN-in güllə atıcılığı tirində hərbi, habelə bu qurumun İdman Cəmiyyətində fiziki hazırlıq məşqləri keçmələrini təşkil etmişdir.Fondun kapitalının artırılması məqsədilə Səid Dadaşbəyli təşkilatın üzvlərindən istənilən üsul və yollarla maliyyə vəsaitləri toplamağı tələb etmişdir. Həmçinin, müəyyən maliyyə vəsaiti müqabilində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlığı da məqbul sayan Səid Dadaşbəylinin razılığı əsasında təşkilatın üzvləri İran İslam Respublikasının xüsusi xidmət orqanı olan İran İslam İnqilabının Mühafizə Korpusu - «SEPAH» ilə məxfi əməkdaşlıq etməyə başlamışlar.Belə ki, təşkilatın rəhbəri Səid Dadaşbəylinin razılığı ilə 2005-2006-cı illərdə, müxtəlif vaxtlarda Ceyhun Əliyev və Cahangir Kərimov İranın Qum, Tehran, Rəşt və Məşhəd şəhərlərinə səfər etmiş, burada həmin ölkənin xüsusi xidmət orqanının konkret əməkdaşları ilə tanış olmuş, onların ABŞ, İsrail və digər Qərb dövlətlərinə qarşı, habelə Azərbaycanın Qərbə inteqrasiyadan çəkindirilməsi və ölkəmizdə şəriət qanunları ilə idarə olunan recimin qurulması istiqamətində mübarizə aparılmasının zəruriliyi barədə fikirləri ilə həmrəyliklərini bildirmişlər. Bu təklifləri qəbul edən Ceyhun Əliyev və Cahangir Kərimov xarici xüsusi xidmət orqanının əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb edilmiş, bu barədə yazılı iltizam alınaraq, onlara «Mustafa» və «Həsən» təxəllüsləri verilmişdir. Bundan sonra Ceyhun Əliyevə və Cahangir Kərimova İranda topoqrafik xəritələrdən, kiçik və iri çaplı silahlardan, partlayıcı qurğulardan istifadə, onların konkret obyektlərə yerləşdirilməsi qaydaları, həmçinin məxfi müşahidə aparmaq və müşahidədən yayınmaq üsulları üzrə nəzəri və praktiki təlimlər keçirilmişdir. Həmçinin, onlara Bakıda fəaliyyət göstərən ABŞ, İsrail və digər dövlətlərin səfirlikləri, rəsmi nümayəndəlikləri, iqtisadi obyektləri və vətəndaşları, eləcə də «Bakı-Tbilisi-Ceyhan» boru kəmərinin Azərbaycanda keçdiyi ərazilər, basdırıldığı yerlərin dərinliyi, borunun qalınlığı, mühafizə sistemi barədə məlumat toplamaq tapşırığı verilmişdir. Ceyhun Əliyevin və Cahangir Kərimovun belə məlumatları toplayıb ötürəcəkləri təqdirdə həm özlərinə və həm də təşkilatlarına hər vasitə ilə yardım göstəriləcəyi barədə xarici xüsusi xidmət orqanının əməkdaşları tərəfindən vədlər edilmişdir. Tapşırığın icrası üçün Səid Dadaşbəyli, Ceyhun Əliyev və təşkilatın digər üzvü Rasim Kərimov ABŞ, İngiltərə və İsrailin Azərbaycanda müxtəlif fəaliyyət sahələrinə dair ümumilikdə 150-dən artıq məlumat toplamış və əldə etdikləri materialları İran xüsusi xidmət orqanına çatdırmışlar. Ceyhun Əliyevə və Cahangir Kərimova həmin xüsusi xidmət orqanının əməkdaşları tərəfindən ümumilikdə 10 min 300 ABŞ dolları məbləğində pul verilərək müvafiq qəbzlər alınmışdır. Xüsusi xidmət orqanının əməkdaşları növbəti dəfə Cahangir Kərimovu İrana dəvət edərkən, sonuncu «Bakı-Tbilisi-Ceyhan» boru kəmərinə dair verilmiş tapşırığın icrası ilə bağlı səfər ərəfəsində məlumat toplamağa çalışmış, bu barədə Ceyhun Əliyevdən kömək istəmiş, o, da təşkilatın digər üzvü, «McDermott» neft şirkətində işləyən Samir Qocayevə müraciət etməsini məsləhət görmüşdür. Cahangir Kərimov bu barədə Samir Qocayevlə razılaşmış, lakin vaxt məhdudluğundan sonuncu göstərilənlər barədə məlumat toplaya bilməmişdir. Tapşırıq icra olunmadığı üçün bu ölkənin xüsusi xidmət orqanının əməkdaşları Cahangir Kərimova öz iradlarını bildirmiş, yenidən boru kəməri ilə bağlı məlumatların əldə edilməsi göstərişini vermişlər. Cahangir Kərimov Azərbaycana qayıtdıqdan bir neçə gün sonra həmin xüsusi xidmət orqanının əməkdaşları ona fotoaparat almaq üçün hazırda şəxsiyyəti istintaqla müəyyənləşdirilən bir nəfər vasitəsilə 1000 ABŞ dolları göndərmişlər. Cahangir Kərimov bu barədə Səid Dadaşbəyliyə xəbər verib tapşırığın icrasında ona köməklik göstərməsini xahiş etmiş, o, isə məlumatların toplanılmasını eyni zamanda Ceyhun Əliyevə də tapşırmışdır.Öz qanunsuz fəaliyyətinin maliyyələşdirilməsi üçün Səid Dadaşbəyli təşkilat üzvlərini digər ağır və xüsusilə ağır cinayətlər törətməkdən belə çəkinməmək, imkanlı şəxsləri müəyyənləşdirmək göstərişi vermiş, təşkilatın strukturunda Rəşad Əliyev, Ceyhun Əliyev, Cahangir Kərimov və Fərid Ağayevdən ibarət kriminal qrup yaratmışdır.Belə ki, Səid Dadaşbəyli vaxtilə 65 min ABŞ dolları məbləğində pul uduzduğu Bakı şəhərində yerləşən «Forex.Az» MMC bircasının külli miqdarda vəsaitə malik olduğu qənaətinə gələrək, bunu ələ keçirmək üçün Rəşad Əliyevə, Ceyhun Əliyevə, Cahangir Kərimova, Fərid Ağayevə hazırlıq işlərinin aparılmasını, o cümlədən firmanın iş recimi, mühafizə sisteminin, direktoru və tədris departamentinin müdirinin hərəkət marşrutlarının və həyat tərzlərinin öyrənilməsini tapşırmışdır. Bundan başqa, Səid Dadaşbəylinin razılığı ilə Ceyhun Əliyev dostu Emin Məmmədovla cinayət əlaqəsinə girərək Bakı şəhərində yerləşən «Abşeron Co.» MMC-nin ofisində olan ehtimal etdikləri külli miqdarda, yəni 90 min ABŞ dollarını soyğunçuluq yolu ilə ələ keçirməyi planlaşdırmışlar. Bununla yanaşı, Ceyhun Əliyev Səid Dadaşbəylini məlumatlandıraraq təşkilatın digər üzvü Rəşad Əliyev ilə birlikdə Zaur Orucov və Emin Məmmədovla qabaqcadan əlbir olub cinayət əlaqəsinə girmiş, sonuncunun təklifi ilə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin binasından mütəmadi olaraq külli miqdarda vəsaitlə çıxan qadına da basqın edib pulları ələ keçirmək qərarına gəlmişlər. Lakin 2007-ci il yanvarın 15-də təşkilatın üzvləri və digərləri Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilən tədbirlər nəticəsində həbs edildiklərindən, onlar sadalanan bu cinayətkar niyyətlərini həyata keçirə bilməmişlər. Eyni zamanda, müəyyən edilmişdir ki, Rəşad Əliyev Səid Dadaşbəyli ilə danışaraq, təşkilatlarının maliyyələşdirilməsi məqsədilə Rusiya Federasiyasının Dağıstan Respublikasından külli miqdarda saxta xarici valyutanı Azərbaycana gətirib Bakı şəhərində həmin əskinasları realizə etmək barədə razılaşmışlar. Rəşad Əliyev Dağıstan Respublikasının Mahaçqala şəhərinə getmiş, şəxsiyyəti istintaqla araşdırılan Süleyman adlı bir nəfərlə saxta ABŞ dolları əskinasları əldə etmək barədə sövdələşmişdir. Bundan sonra Rəşad Əliyev Bakı şəhərinə qayıtmış, Mübariz Süleymanov və Rəşad İsmayılovla xaricdən külli miqdarda saxta valyutanı Azərbaycana gətirib satışı ilə məşğul olmaq barədə razılığa gəlmişlər. Onlar 2007-ci il yanvar ayında Dağıstanda əldə etdikləri 100 min məbləğində saxta ABŞ dolları əskinaslarını avtomaşının arxa oturacağının içərisində gizlədərək Bakı şəhərinə gətirmişlər. Rəşad İsmayılov Mübariz Süleymanova 12 ədəd, qardaşı Faiq İsmayılova isə 10 ədəd saxta 100-lük ABŞ dolları əskinasları vermişdir. Faiq İsmayılov həmin 10 ədəd saxta əskinasları realizə edib, əldə olunmuş əsl 700 ABŞ dollarını xərcləmişdir. Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində tutulan şəxslərin mənzillərinə baxış zamanı 2 ədəd «AKM» tipli avtomat, 1 ədəd tapança, 11 ədəd əl qumbarası, xeyli sayda döyüş sursatı və ləvazimatı, soyuq silah, habelə narkotik vasitə olan tiryək aşkar edilərək götürülmüşdür. Həmçinin, cari il yanvarın 12-də Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən Rəşad İsmayılovun yaşadığı mənzilə baxış zamanı 964 ədəd saxta 100-lük ABŞ dolları, həmin vaxt orada olan Mübariz Süleymanovun üstündən isə 12 ədəd saxta 100-lük ABŞ dolları əskinasları aşkar edilərək götürülmüşdür.Cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq məhkəmə baxışı üçün təqdim olunmuş, Ağır Cinayətlərə dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 10 dekabr 2007-ci il tarixli hökmü ilə Səid Dadaşbəyəli, Ceyhun Əliyev, Cahangir Kərimov, Rəşad Əliyev, Mikayıl İdrisov, Fərid Ağayev, Emil Möhbalıyev, Samir Qocayev, Rasim Kərimov, Bəybala Quliyev, Fətulla Bəbirov, Zaur Orucov, Rəşad İsmayılov, Faiq İsmayılov və Mübariz Süleymanov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə müxtəlif müddətlərə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuşlar.Milli Təhlükəsizlik Nazirliyi ictimaiyyətimizi əmin edir ki, cəmiyyət əleyhinə və dövlətin əsaslarının sarsıdılmasına yönələn hüquqazidd əməllərin və hər cür qəsdlərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq, milli maraqların, təhlükəsizliyin və sabitliyin dönməzliyinin etibarlı qorunub saxlanılması üçün bütün zəruri tədbirlər həyata keçiriləcəkdir».
|
|